2021-06-17 11:09

Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.

Zamanın elə günləri var ki, bir ömrə bərabərdir. İyun ayının 15-də Şuşa belə günlərdən birini yaşayaraq Azərbaycan və Türkiyə prezidentlərinin Zirvə Görüşünə ev sahibliyi etdi. Görüşdən dünyaya çox önəmli mesajlar verildi və iki ölkə arasında müttəfiqlik münasibətlərini nəzərdə tutan Şuşa Bəyannaməsi imzalandı. Siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması qardaş Türkiyə ilə əlaqələrimizi yüksək səviyyəyə qaldırmaqla yanaşı işbirliyimizin keyfiyyətini də artırdı.

Şuşa Bəyannaməsinin imzalanması tarixən mövcud olan münasibətlərdən yaranan bir zərurət idi. Qardaş Türkiyə ilə dostluq, qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulan münasibətlərimiz Vətən müharibəsi dövründə bir daha özünü ən yüksək səviyyədə təsdiq etdi. Keçmişə nəzər salsaq görərik ki, hələ, 1991-1993-cü illərdə Türkiyə tarixinin ən önəmli şəxsiyyətlərindən olan Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özal dövründə Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə mövqe qazanması üçün hər cür dəstəyi göstərmiş, ölkələr arasında siyasi, hərbi, iqtisadi və mədəni əlaqələr başda olmaqla bütün sahələrdə ortaq addımlar atılmasında rol oynamışdır. Müstəqillik dövrümüzün ilk illərində Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə iki ölkə arasında əməkdaşlıq haqqında protokolun imzalanması ilə rəsmiləşdirildi. 1991-ci ilin yanvar ayının 29-da imzalanan bu protokol Naxçıvanın blokadadan qurtarılmasına, onun Türkiyə Respublikası ilə beynəlxalq əlaqələrinin yaranmasına və genişlənməsinə imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin ilk günlərindən isə bu əməkdaşlıq hər bir sahədə daha da inkişaf etdirildi. İndi isə tarixi Qələbəmizdən sonra regionda yeni reallıqların ortaya çıxması region ölkələri ilə yanaşı Türkiyə ilə də əməkdaşlığımızın yeni formatını müəyyənləşdirdi. Bəyannamə ilə birgə təhsil, mədəniyyət sahələrində, iqtisadiyyatda, ticarətdə və hərbi sahədə yeni səmərəli əməkdaşlıq imkanları yaradıldı. Bəyannamə ilə bağlı ən mühüm məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili ilə əlaqədar məsələnin müttəfiqlik münasibətlərinin yer almasıdır. Olduqca əhəmiyyətli olan bu məsələ ilə birgə iki ölkənin hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirilmiş oldu.

Bir nüans da xüsusi olaraq qeyd edilməlidir ki, Şuşa Bəyannaməsi 100 il əvvəl imzalanmış Tarixi Qars müqaviləsinin davamı mahiyyətində idi. Bu mənada da olduqca əlamətdar olan bu sənəd Azərbaycan və Türkiyənin əcdadlarına sadiqliyinin nümayişi idi. Əslində Bəyannamənin imzalandığı gün və məkan seçimləri də xüsusidir. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış "15 iyun” tarixi bu hadisələrlə daha da əlamətdar oldu. Qısaca demək olar ki, Bəyannamə hər baxımdan bizim üçün xüsusi və əlamətdardır. Şübhə yoxdur ki, gələcək nəsillər bu günlərdən, bu sənəddən danışarkən onun mahiyyətini yüksək qiymətləndirəcək və özləri üçün yol xəritəsi olaraq qəbul edəcəklər.

Beləliklə, Azərbaycan və Türkiyə arasında tarixi əhəmiyyətə malik Şuşa Bəyanatının məhz Şuşada imzalanması bir daha iki ölkə arasında qardaşlığın, dostluğun, birliyin əbədi olmasını nümayiş etdirməklə yanaşı, bu münasibətlərin bundan sonrakı dövrdə regionda sülhün məhkəmlənməsinə və işğaldan azad edilmiş torpaqların tərəqqisi istiqamətində davam etdiriləcəyi barədə dünyaya verilən mesaj idi. İki ölkə liderinin Şuşa şəhərində tarixi Zirvə Görüşü bir daha sübut etdi ki, İkinci Qarabağ müharibəsi başlanan ilk gündən və saatlardan etibarən Türkiyə Prezidentinin Azərbaycana birmənalı dəstəyi bundan sonra da davam edəcəkdir. Ümid etmək olar ki, sülhə, yaradıcılığa əsaslanan bu Bəyannamə, bu siyasət bir çox ölkələrə də nümumə olacaq və artıq dövlətlər öz şəxsi maraqları üçün xalqları üz-üzə qoymaq, birgə yaşayışı çətinləşdirmək üçün yox xalqların və bölgənin ümumi mənafeyi üçün çalışmağa başlayacaqlar. Azərbaycan və Türkiyə qardaşlığı regiona və dünyaya örnək olmaqla, Cənubi Qafqazın çiçəklənməsinə gətirib çıxaracaqdır.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr əvəzi
Əli Kərimov
Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı