2021-04-07 11:05

Azərbaycan mətbuatı Rusiya diplomatiyasından tələb edir...

Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Azərbaycanın tanınmış jurnalistləri Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıblar.

Müraciət Şuşa şəhərində Rusiyaya məxsus "İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlıdır.

Sənəddə deyilir:

"Şuşa şəhərində Rusiyaya məxsus "İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

"Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur”.

"Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək”.

Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı