2021-04-05 15:54

Görkəmli bəstəkarın 90 illiyi münasibətilə

Tofiq Bakıxanov --90  

Azərbaycan Respublikasının Xalq artisti, professor, "Şöhrət” və "Şərəf” ordenli  bəstəkar Tofiq Bakıxanovun yaradıcılığı ölkəmizlə yanaşı İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti, keçmiş SSRİ respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdə də maraqla qarşılanır və yüksək qiymətləndirilir. Onun dillər əzbəri olan mahnıları, simfonik və səhnə əsərləri adı çəkilən ölkələrin hamısındakı musiqi xiridarlarının diqqətini cəlb etmişdir.

Bu fikirlər görkəmli bəstəkarın 90 illiyi münasibətiylə İran İslan Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində kiçik dairədə keçirilən tədbirdə səsləndirildi. Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan qeyd etdi ki, Tofiq Bakıxanovun adı ilə bağlı olan istənilən məclisə yüzlərlə iranlı və azərbaycanlı  musiqisevər toplaşa bilərdi. Çox təəssüf ki, dünyanın hər yerində olduğu kimi İranda və Azərbaycanda da koronavirus  pandemirası səbəbindən geniş tədbirlər keçirmək mümkün deyil. Amma, sağlıq olsun, yollar açılandan, əlaqələr bərpa ediləndən, kütləvi tədbirlərin keçirilməsinə icazə vryiləndən sonra biz bu yubileyi geniş miqyasda qeyd edəcəyik.

Mədəniyyət Mərkəzinin rəhbəri əlavə etdi ki,  Tofiq Bakıxanovda  İran mədəniyyətinə, xüsusən, İran xalq musiqisinə  mərhəmanə bir münasibət vardır.  O, İran xalq musiqisi və onun əsasında simfonik orkestr üçün "Şərqdən gələn sədalar”, piano üçün "İki pyes” və violino və piano üçün "Üç pyes”yazmışdır. "Əl-Huda” nəşriyyatı 2004-cü ildə həmin pyesləri nəfis bir məcmuə şəklində musiqisevərlərə təqdim etmişdi. Bəstəkarın pyesləri "Köç”, "Yuxu”, "Tufan quşu”, "Solmuş qərənfil” və "Səhər quşu” kimi İran xalq mahnılarından istifadə olunmaqla yazılmışdı.

Qeyd edildi ki,  Tofiq Bakıxanovun   İran xalq musiqisi əsasında violino və fortepiano üçün yazdığı 6 saylı "İran sonatası”, pyeslər, sonata və simfonik orkestr üçün əsərləri Tehranın bir sıra tədris ocaqlarında istifadə olunur.

1997-ci ildə  Məşhəd ziyarətində olan  Tofiq Bakıxanov Tus şəhərində Əbülqasim Firdovsinin məqbərəsini də ziyarət edir və  şairlər Şahin Fazil,  Baba Pünhan və  İttifaq Mirzəbəylinin sözlərinə Firdovsi mövzulu mahnılar bəstələmişdir. Üç şairin dörd şeirinə mahnılar bəstələyən Tofiq Bakıxanovun bu əsərlərinin lent və video yazıları Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin qızıl fonduna daxil edilmişdir.

Bəstəkar babası Abbasqulu ağa Bakıxanovun, atası Əhmədxan Bakıxanovun və özünün İran mədəniyyəti, xüsusən musiqisi ilə daim maraqlandıqlarını, dost ölkəyə səfərlərini yada saldı, mədəniyyətlərarası əməkdaşlığın vacibliyinmdən danışdı.

Bəstəkarın dostu, Xalq artisti, professor, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru Ağaverdi Paşayev Tofiq Bakıxanovun İran musiqiçiləri ilə əməkdaşlığının səmərəli nəticələrindən danışdı və birlikdə getdikləri İran səfərləri barədə söz acidı. Bəstəkarın başqa bir dostu – Əməkdar jurnalist İttifaq Mirzəbəyli isə Tofiq Bakıxanovla birlikdə ondan çox mahnı ərsəyə gətirdiklərini, həmin mahnılardan ən çox oxunanın isə məhz Tusda yazılmış "Firdövsini yad edərkən” adlı mahnı olduğunu söylədi.

Qurbanəli Purmərcan Mədəniyyət Mərkəzi adından Tofiq Bakıxanova yubiley təbriknaməsi təqdim etdi və əlavə etdi ki, xalqların, dövlətlərin istənilən sahədəki əməkdaşlığının təməlində ilk növbədə mədəni əməkdaşlıq dayanır.

Əlibəy MÜSƏDDİQ

Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı