2020-09-01 09:30

Milli həmrəylik bu gün bizim üçün hava və su kimi vacibdir

Həmsöhbətimiz uzun illər Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) kimi fəaliyyət göstərmiş, avqustun 22-də keçirilmiş qurultayda isə Milli Həmrəhlik Partiyası adlandırılmış siyasi təşkilatın rəhbəri Əlisahib Hüseynovdur:

-- Əlisahib müəllim, pandemiya dövrü başa çatmadan partiyanın qurultayının çağırılması hansı zərurətdən yarandı?

-- Təqvimlə bizim qurultayımız bu ilin mart ayında keçirilməli idi. Lakin COVID-19 pandemiyasının dünya ölkələri ilə bərabər Azərbaycanda da sürətlə yayılması istər-istəməz təşkilati planlarımızı yenidən gözdən keçirmək zərurətini yaratdı. Biz müvəqqəti olaraq qurultayımızın vaxtını ertələdik. Lakin məlum olanda ki, koronavirus infeksiyasının fəsadları hələ uzun müddət davam edəcək və karantin müddətinin uzadılması qaçılmazdır, o zaman qurultayımızı videokonfrans formatında keçirməyə qərar verdik. Doğrudur, bu, Azərbaycanın siyasi həyatında tamamilə yeni təcrübə idi. Odur ki, qurultaya hazırlıq dövründə müəyyən texniki-təşkilati çətinliklərlə üzləşməyimiz də tamamilə təbii idi. Lakin partiyamızın IT qrupu bu çətinliklərin öhdəsindən uğurla gəlməyi bacardı. Avqustun 22-də onlayn qurultayımızı keçirdik. Yeri gəlmişkən, ölkədə bu yeni təcrübəni tətbiq edən yeganə partiya deyilik. Bizimlə bərabər artıq bir sıra başqa siyasi partiyalar da onlayn qurultay keçiriblər. Necə deyərlər, siyasi partiyalar da dövrün yeni şərtləri və dəbləri ilə ayaqlaşmağa, uyğunlaşmağa məcburdurlar.

-- Uzun müddət eyni adla fəaliyyət göstərən partiyanızın adının dəyişdirilməsi nə ilə bağlı idi?

-- Yaxşı sualdır. Lakin icazənizlə, sualınıza sualla cavab vermək istərdim. Bəli, biz uzun müddət eyni adla fəaliyyət göstərən partiyamızın ənənəvi adından imtina etdik və onu milli həmrəyliyə çağırış edən yeni adla əvəzlədik. Bəs niyə məhz Milli Həmrəylik? Partiyamızın adını dəyişməkdə və Milli Həmrəylik Partiyası qoymaqda məqsədimiz nədir? Bilirsiniz, bu dəyişikliyi zəruri edən bir sıra amillər vardı. Əvvəla onu qeyd edim ki, DADP adı (yəni ki, Demokratik Azərbaycan Dünyası Partiyası) artıq öz aktuallığını və cəlbediciliyini itirmişdi. Bu ad müasir dövrün, zamanın tələblərinə cavab vermirdi. Həm də açıq etiraf edək ki, partiyamızın adında bir qeyri-müəyyənlik vardı, mücərrədlik hiss olunurdu. Məsələn, "Demokratik Azərbaycan Dünyası” sözü öz-özlüyündə heç bir məna ifadə etmirdi, anlam daşımırdı. Bu ad sadəcə söz yığınından ibarət idi. Və biz bu adı əcnəbi dillərə tərcümə etməkdə də çətinlik çəkirdik. "Demokratik Azərbaycan Dünyası Partiyası” adını nə rus, nə ingilis dilinə, nədəki digər dillərə doğru-düzgün tərcümə etmək mümkün deyildi. Hətta öz soydaşlarımız, vətəndaşlarımız da bu adın mənasını dəqiq təsəvvür etməkdə, başa düşməkdə çətinlik çəkirdilər. Ona görə də biz hiss edirdik ki, bu adı dəyişməyimiz üçün ciddi zərurət yaranıb. Əməkdaşlarımız, dostlarımız bir çox alternativ adlar təklif etmişdilər. Biz bu təkliflərlə bağlı geniş müzakirələr apardıq. Və bu müzakirələrin sonunda "Milli Həmrəylik Partiyası” (MHP) variantına üstünlük verdik. Bu yeni ad Qurultayımızda yekdilliklə qəbul edildi.

Biz nə üçün Milli Həmrəylik adını və bu adın cəmiyyətimizə ötürə biləcəyi mesajları bu qədər önəmli hesab edirik? Ona görə ki, bu gün ölkəmiz və xalqımız üçün həmrəylik amili hər zamankından daha vacibdir. Azərbaycanlıların həmrəyliyi həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb edir.

Milli həmrəyliyin bugün bizim üçün hava-su kimi vacibliyini, vaz keçilməz olduğunu məhz Ulu öndər Heydər Əliyevin sözləri ilə diqqətinizə çatdırmağımız yaxşı olar. Ulu Öndər demişdi ki, "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir".

Bəli, söhbət məhz bir hədəfə vurmaqdan gedir. Bu gün hamımızın hədəfi dövlətçiliyimizi qorumaq, müstəqilliyimizi möhkəmləndirmək, Qarabağımızın işğldan azad edilməsinə nail olmaq, Güneydəki soydaşlarımızla əlaqələri genişləndirmək, dünya azərbaycanlılarını bir araya gətirmək, Türk Dünyası ilə münasibətlərimizi sıxlaşdırmaqdan ibarət olmalıdır. Bu hədəfə nail olmağın yolu məhz Milli Həmrəylikdən keçir. Dünya azərbaycanlıları arasında milli birliyi və həmrəyliyi təmin etmədən bu hədəflərə, bu amallara çatmaq, nail olmaq mümkün deyil.

İndi azərbaycanlılar ölkəmizin haqq işini xarici ölkələrdə hər zamankından daha fəal surətdə təbliğ edirlər. Biz bunu Tovuz döyüşlərindən sonra xaricdə yaşayan həmvətənlərimizin "Qarabağ Azərbaycandır!” şüarı altında başlatdıqları Azərbaycan Ordusuna və dövlətimizə dəstək kampaniyasından da gördük. Və bunun özü də bir daha milli birliyin, həmrəyliyin, vəhdətin xalqımız və dövlətimiz üçün tarixin bu mərhələsində nə qədər vacib olduğunu göstərdi. Odur ki, biz də dövlətlə millətin vəhdətini, birliyini daha da gücləndirmək naminə həmrəylik ideallarını təbliğ etmək üçün partiyamızın adını Milli Həmrəylik Partiyası qoymağı qərara aldıq. Məqsədimiz milli həmrəylik ideallarını dəstəkləyən bütün soydaşlarımızı bir araya gətirməkdir.

Biz belə hesab edirik ki, bu gün həmrəylik amili ölkədəki istənilən problemin həlli üçün və Azərbaycanımızı inkişafa doğru aparmaq üçün ən səmərəli və etibarlı siyasi vasitədir. Eləcə də "beşinci kolon”çulara qarşı mübarizəmizin kəsərli olması da cəmiyyətin və siyasi qüvvələrin nə dərəcədə həmrəy olmasından asılıdır. Biz bu həssas dönəmdə ölkədəki ictimai-siyasi sabitliyi pozmaq istəyən, cəmiyyəti parçalamağa çalışan qüvvələrə, Azərbaycanın milli maraqlarına zidd çıxan "beşinci kolon"çulara qarşı ayıq-sayıq olmalı, birgə mübarizə aparmalıyıq.

-- Dövlət rəsmiləri ilə dialoqdan sonra fəaliyyətinizdə hansı yeniliklər olacaq?

-- Nəzərinizə çatdırmaq istəyirəm ki, biz Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə müntəzəm təmasdayıq. Bu yeni şöbə partiya quruculuğu sahəsində işlərə böyük dəstək verir. Şöbənin rəhbəri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə tanışlıq prosesi artıq çoxdan başa çatıb. İndi real siyasi müzakirələr, siyasi sistemin inkişafı haqqında fikir və təkliflərin səsləndirilməsi, partiyaların yenidən təşkilatlanması, partiya demokratiyasının yüksəldilməsi istiqamətində konkret addımların atılması mərhələsi davam edir. Biz də bu proseslərdə fəal yer alırıq. MHP olaraq indi siyasi proseslərdə əvvəlkindən fərqli olaraq daha önəmli mövqelərə sahib olmağı düşünürük. Partiyamızda xüsusən də gənclərə geniş ölçüdə yer veriləcək.

-- Siyasi həmfikirləriniz – partiyadaşlarınız ölkədə aparılan hərtərəfli islahatları necə qiymətləndirirlər?

-- Bizim partiya əqidə birliyi, həmrəylik prinsipləri üzərində formalaşmış siyasi təşkilatdır. Olduqca sağlam və monolit üzvlər ordusuna malikik. Partiyadaşlarımla ciddi fikir ayrılıqları yoxdur. MHP-çilər ölkəmiz üçün taleyüklü məsələlərdə fikir, mövqe birliyi nümayiş etdirməyi bacarırlar. Odur ki, siyasi kursumuzda və hədəflərimizdə kardinal dəyişiklikləri baş verməyib. Biz ənənəvi kursumuza sadiq qalacağıq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini dəstəkləməyə davam edəcəyik. Siyasi və sosial-iqtisadi islahatların davam etdirilməsində maraqlıyıq. Eyni zamanda biz həm cəmiyyətdə, həm də siyasi qütblər arasında barış, konsensus mövqeyindən çıxış edən partiyayıq. Biz konsruktiv müxalifətə normal yanaşırıq, radikal və dağıdıcı müxalifətçiliyi isə qəbul etmirik. MHP iqtidarla müxalifət arasında dialoqun və əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın tərəqqisi və gələcək taleyi siyasi qüvvələrin dialoqundan və vətəndaş həmrəyliyindən, milli həmrəylikdən asılıdır. Qarabağ probleminin həlli yolu da məhz milli həmrəylikdən keçir. Ümumi düşmənə qarşı mübarizədə bir olmalıyıq, həmrəylik göstərməliyik. Biz var gücümüzlə ölkədə həmrəylik mühitinin formalaşmasına çalışacağıq.

-- Məlum olduğu kimi, parlamentdə boş qalan yerlər var və həmin yerlərə seçki təyin edilsə, seçkidə iştirak edəcəksinizmi?

-- Hadisələri, prosesləri qabaqlamağa tələsmirik. Amma parlamentdə boş qalan yerlərə seçki təyin edilərsə, əlbəttə, seçkidə iştirak etməyi düşünürük. Biz komanda olaraq fərqli və effektiv seçki kampaniyası aparmağa tam hazırıq. Hesab edirəm ki, əvvəlki seçkilərdə qazandığımız geniş təcrübə bu dəfə bizim parlament partiyasına çevrilməyimizə əlverişli zəmin yaradacaq.

-- Nəhayət, Ermənistanın son təxribatlarına layiqincə cavab verən dövlətimizin və ordumuzun dəstəklənməsi istiqamətində hansı tədbirləri həyata keçirdiniz?

-- Əvvəla onu qeyd edim ki, biz partiya olaraq işğalçı Ermənistanın 12-14 iyulda Azərbaycan --Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatı birmənalı şəkildə pislədik və bununla əlaqədar bəyanat verdik, açıqlamalarla çıxış etdik, dövlətimizin, Ordumuzun, Ali Baş Komandanımız İlham Əliyevin yanında yer aldıq. Eyni zamanda iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,-deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğum yerli şöbə gedərək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzumu ifadə etdim və müvafiq qaydada qeydiyyata alındım. Yeri gəlmişkən, mən eyni zamanda Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Lakin bu gün də ərazi bütövlüyümüz uğrunda vuruşmağa hər an hazıram!

-- Sağ olun!

-- Təşəkkür edirəm!

Söhbəti qələmə aldı:

Cavid QAÇAYEV

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı