2021-07-14 17:17

Qurban bayramı islam dünyasının ən müqəddəs bayramıdır

İslam aləminin ən əlamətdar bayramlarından biri olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Yüzilliklərdən bəri yaşadılan bu qiymətli ənənə insanların birliyinə, bərabərliyinə, qardaşlığına, əlində olanı paylaşmağına xidmət edir. Həmin gün sadəcə Allaha bağlılıq nümayiş olunmur, həm də insanların bir-birinə rəğbəti, ülfəti, dəstəyi və qayğısı göstərilir. Qurban bayramının əsrlərdir eyni coşqu və sevgi ilə qeyd olunmasının səbəbi də məhz bu mütərəqqi anlayışları özündə birləşdirməsidir. Qurban bayramı dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün ən gözəl fürsətlər biridir. Əminliklə bildirmək olar ki, xalqımız Sovet imperiyasının tərkibində yaşadığı 70 il ərzində də tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşmamış və bu əlamətdar günləri daim yaşatmışdır. Beləliklə, bütün dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi paklığa, xeyirxah işlər görərək savab qazanmağa can atmış, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışmışdır. Qeyd edək ki, yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Qurban və Ramazan bayramları ümumxalq bayramları sırasına daxil olaraq dövlət səviyyəsində qeyd edilməyə başlamışdır.

Xüsusilə vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanda dini dəyərlərə, xalqımızın yüzilliklərlə yaşatdığı inanc irsinə yüksək ehtiramın göstərilməsində, qədim ibadət məkanlarının bərpası və ziyarətçilərin üzünə açılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Heydər Əliyev müqəddəs Qurban bayramını yüksək qiymətləndirərək demişdir ki, "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!". Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bütün hakimiyyəti dövründə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına məsələlərinə xüsusi diqqət yetirmiş və həssaslıqla yanaşmışdır. Azəbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir. Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.

Onu da qeyd edək ki, hər il rəsmi şəkildə qeyd edilən Qurban bayramı müxtəlif silvizasiyaların qovuşduğu bu məkanda ayrı-ayrı millətlər tərəfindən də qeyd edilir. Çünki, Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. Belə xüsusi günlərdə bu bir daha özünü təsdiqləyir. Sadəcə müsəlmanların yox, eyni zamanda xristianların da, yəhudilərin də və digər azsaylı dinlərin nümayəndələrinin də xüsusi günləri həm ölkə rəhbərliyi, həm də vətəndaşları tərəfindən dərin ehtiram və coşğu ilə qarşılanır və qeyd edilir. O da vurğulanmalıdır ki, bu il qeyd olunan Qurban bayramı dövlətimizdə ayrı bir təntənə ilə qeyd olur. Çünki, bu il illərdir əl açılıb edilən

dualar, əhd edilib kəsilən qurbanlar qəbul oldu. Bu il artıq Azərbaycanın hər bir güşəsi azaddır. Buna görə də biz bu il müqəddəs Qurban bayramını ikiqat bayram kimi qeyd edirik. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sitatı ilə yazını yekunlaşdırmaq istərdim: "Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir”.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon
təşkilatı Aparatının məsləhətçisi- Məmləkət Qaraçobanova
Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı