2021-07-08 16:40

Ələt Azad Iqtisadi Zonası investorları ən qısa zamanda qəbul etməyə hazır olacaq

Statistika bunu deməyə əsas verir ki, son illər Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutan ölkələrdən biri olmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yüksəldilmişdir. Hazırda ölkəmiz üçün iqtisadi baxımdan ən önəmli prioritet iqtisadiyyatın neftdən asılılığının azaldılması və şaxələndirilməsidir. Bu istiqamətdə dövlətimizin atdığı addımlat kifayət qədər çox və effektivdir. Belə ki, son dövrlərdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların salınması, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması fonunda aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsinə hesablanaraq atılan addımlardandır. İqtisadi islahatların əsas istiqaməti isə qeyri-neft sektorunun inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatımızın müxtəlif sahələrinin inkişaf etdirərək ölkəmizin ixracyönlü istehsalını təmin etməkdir. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair imzaladığı müvafiq Sərəncamı və bu Sərəncama uyğun olaraq 2018-ci ildə Qanun qəbul edilməsi çoxşaxəli iqtisadiyyatımızın inkişafına mühüm töhfələr verən addımlardan biri olaraq xarakterizə olunur. Qeyd edək ki, ötən günlərdə Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi keçirilmişdir. 2020-ci ilin əvvəllərindən etibarən pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan, həmçinin yaratdığı iqtisadi və maliyyə problemləri fonunda ölkəmizdə məhz indi Ələt Azad İqtisadi Zonasının yaradılması isə iqtisadi inkişafımızda gedən proseslərin uğurlarından xəbər verir. İqtisadi Zonanın yaradılması Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolunu artırmaqla regiondakı mövqeyini gücləndirəcəkdir.

Ələt Azad iqtisadi Zonasının ölkəmizə və ümumilikdə bölgəyə vəd etdikləri olduqca əhəmiyyətlidir. İlk olaraq bu Zona ixracatımızın şaxələndirilməsinə şərait yaradacaq ki, bu, illərdir hökumət tərəfindən aparılan qeyri-neft sektorlarının dəstəklənməsi siyasətinə tam uyğundur. İxracatda qeyri-neft sektorlarının payının artması isə ölkə iqtisadiyyatının davamlılığının təmin olunmasına gətirib çıxaracaqdır. Ələt Azad İqtisadi Zonası həm də xarici investorların ölkəmizə qoyduğu investisiya həcmini də artıracaqdır. Bununla yanaşı, investorlar üçün cəlbedici olacaq infrastrukturun yaradılması nəticəsində ölkəmizə yeni texnologiyaların gətirilməsi ilə yanaşı yüksəkmaaşlı iş yerləri yaranacaq ki, bu da Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək.

Ölkə başçımız 1iyul tarixində Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə vermiş və sözügedən layihə ilə bağlı maraq doğuran bütün məsələlərə aydınlıq gətirmişdir. Müsahibə zamanı ilk olaraq Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasından danışan Prezident İlham Əliyev bu ideyanın təməlində Azərbaycan dövlətinin siyasətinin dayandığını bildirmişdir. Dövlət başçımız vurğulamışdır ki, son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Yuxarıda da vurğuladığımız kimi, qeyri-neft sektorunun inkişafı və ixracda payının artırılması dövlətimizin iqtisadi siyasətində mühüm rol oynayır. Bu baxımdan Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmiz üçün çox vacib və önəmli addımdır. Bu, iqtisadiyyatımızın inkişafı, yeni maliyyə mənbəyi, yeni iş yerləri, vətəndaşlarımızın işlə təmin olunması, rifahının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzu, imici üçün vacibdir. Azərbaycan bununla həm bölgədə, həm də bütün dünyada söz, nüfuz sahibi olduğunu bir daha isbatlayır.

Ancaq açıq şəkildə deyə bilərik ki, bu ideyaların həyata keçirilməsi səslənməsi qədər asan deyil. Bunun üçün çox ciddi səy tələb olunur ki, Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər təşəbbüskardır. Son illər ölkədə aparılan kadr islahatı, müasir infrastrukturun mövcudluğu, təhlükəsizlik mühiti investorların cəlb olunması üçün münbit şəraitin təmin olunmasında müstəsna rol oynayır. Zonanın yaradılmasını reallaşdıran ilkin şərtlərdən biri də böyük sərmayələr qoyacaq investorların bu zonaya cəlb edilməsi üçün gözəl sərmayə iqliminin mövcudluğudur ki, bu da Azərbaycanda vardır. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Bütün bu şərtlər Ələt Azad İqtisadi Zonasının qısa zaman ərzində investorları qəbul etməyə hazır olduğunu göstərir. Beləliklə, layihələndirmə işləri sürətlə aparılan Ələt Azad İqtisadi Zonasının qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatımızın güclənməsində mühüm layihələrdən olacağı şübhə doğurmur.

İlqam Əskərov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbər
Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı