2021-07-08 15:58

Qeyri neft sektorunun inkişafında yeni nəfəs - Ələt Azad İqtisadi Zonası

Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Bu da dövlətimiz tərəfindən aparılan neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə siyasətinin özünü doğrultduğunu deməyə əsas verir. İqtisadi olaraq bu stretegiyanın doğruluğu şərhsizdir. Çünki dövlətin təbii resurslardan və ya sadəcə bir sahədən asılılığı uzun dövrdə böyük problemlərə gətirib çıxara bilər. Buna görə də hər dövlət öz firavan gələcəyinin təminatı üçün ixrac çeşitliliyinin artırılmasına daim xüsusi önəm verir. Əminliklə demək olar ki, azad iqtisadi zonaların yaradılması bu istiqamətdə atılacaq ən düzgün addımlardan biridir. Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki bu zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və ya dolayısı ilə valyuta daxil olmalarının artmasına və ölkənin müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir. Son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrin də iqtisadiyyatına müsbət impuls verməkdədir. Tarixə nəzər saldıqda məlum olur ki, xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onlarında qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır.

Ölkəmizdə də neftdən asılılığın azaldılması, qeyri-neft sahəsində inkişafa nail olunması və ixrac çeşitliliyinin təmin olunması istiqamətində bu təcrübə müşahidə olunmuş və bir neçə gün öncə Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulmuşdur. Məlumat üçün bildirək ki, Azad İqtisadi Zonanın yaradılmasında Azərbaycanda mövcud olan əlverişli biznes və investisiya mühitindən, eləcə də mövcud xammal və təbii resurslardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsini tətbiq etməklə ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinin qurulması, logistika mərkəzlərinin və xidmət sahələrinin yaradılması, "Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda xarici şirkətlərin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə sənaye şəhərciyində istehsal olunacaq məhsulların xarici ölkələrin bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən edilmişdir. Ələt Azad İqtisadi Zonasının əsas üstünlüyü ondan ibarətdir ki, burada iqtisadi zona ilə bağlı xüsusi qanun qəbul edilib. Bu da təbii ki, sərmayələrin cəlb edilməsi və xüsusən də, aparıcı xarici şirkətlərin Ələt Azad Iqtisadi Zonasına investisiya qoyuluşunun təşviq edilməsi baxımından vacibdir.

Hazırda Azərbaycan hökuməti tərəfindən azad iqtisadi zonada ilkin infrastruktur formalaşdırılır. Bu infrastrukturun formalaşması da məhz xarici investisiyanın cəlbi baxımından zəruridir. Əminik ki, Ələt Azad İqtisadi Zonasına kifayət qədər xarici investor cəlb etmək mümkün olacaqdır. Çünki bunun üçün ölkəmizdə bütün ilkin şərtlər mövcuddur. Bu gün Azərbaycan dünyada ən stabil, təhlükəsiz ölkələrdən biridir. Təbii ki, bu da öz növbəsində xarici şirkətlərin,investorların diqqətini öz üzərinə çəkməkdədir. Aparılan

islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Burada digər vacib məqam Azərbaycanın Vətən müharibəsindəki əldə etdiyi qələbədir. Vətən müharibəsindən sonra regionda vəziyyətin dəyişməsi, sabitliyin əldə olunması, sülhün bərqərar olması təbii ki, dünyanın hegemon dövlətlərinin, aparıcı şirkətlərin nəzərini Azərbaycana, burdakı yeni iqtisadi imkanlara yönəldir. Onu da vurğulaq istərdim ki, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində, eləcə də böyük bazarlara ən yaxın məsafədə yerləşməsi Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla, onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcəkdir.

Bir sözlə Azərbaycanda azad iqtisadi zonanın yaradılması uğurla davam etdirilir. Bu zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabətqabiliyyətinin artırılması, Azərbaycanın təchizat, logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması, eləcə də bu sahədə görülən işlər, gerçəkləşdirilən irimiqyaslı layihələr respublikamızda məşğulluğu təmin etmək, xarici investisiyaları cəlb etmək, müasir xarici avadanlıq və texnologiya cəlb etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi
Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı