2021-07-08 16:00

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni inkişaf mərhələsidir

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa ötən ay çox əlamətdar bir hadisəyə şahid oldu. 28 illik düşmən tapdağından sonra azadlığına qovuşan Şuşamızda Türkiyə və Azərbaycanın - iki qardaş ölkənin rəhbərləri tərəfindən adına "Şuşa Bəyannaməsi” deyilən və müstəqillik tariximizin ən vacib sənədlərindən biri olan Bəyannamə imzalandı. 15 iyun 2021-ci il tarixində imzalanan sözügedən Bəyannamə, onun xüsusiyyətləri və bölgədə oynayacağı rol ilə bağlı bir çox fikri yürütmək olar. Amma ilk öncə o söylənməlidir ki, bu Bəyannamə iki ölkə rəhbərinin öz tarixinə, ideologiyasına bağlılığının göstəricisidir. Çünki bu bəyannamə bildiyimiz kimi tarixi Qars müaviləsinin və iki ölkə arasında 1994-cü və 2010-cu illərdə imzalanan müqavilələrin davamı mahiyyətini özündə saxlayır. Bununla yanaşı, Bəyannamə ilə bağlı vurğulanacaq ən vacib nüanslardan biri də hərbi mənada ölkələrimizə bəxş etdiyi imtiyazlardır. Belə ki, müqavilə ilə təyin olunub ki, iki ölkədən hər hansı birinin ərazi bütövlüyünə və ya təhlükəsizliyinə təhdid, təcavüz olduğu təqdirdə bunun aradan qaldırılması istiqamətində BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun zəruri addımlar həyata keçirə biləcək. Bu isə revanşist ideyalarla yaşayan erməni xəyalpərəst dairələrə verilmiş ən gözəl cavabdır. Əgər, onlar bir gün belə bir addım atmağa cəsarət edərsə qarşısında sadəcə Azərbaycanı yox, həm də qardaş Türkiyəni görəcək ki, bu da Ermənistanın xəritədən silinməsinə gətirib çıxaracaq özləri üçün ən dəhşətli addım olar.

Qeyd edək ki, Bəyannamənin Azərbaycanvə Türkiyə ilə yanaşı Ermənistan üçün də üstün cəhətləri var. Belə ki, Bəyannamə ilə birgə erməni əsilli Azərbaycan vətəndaşları Qarabağa inteqrasiya və bölgədə aparılan quruculuq, abadlıq işlərindən yararlanmaq imkanları qazanacaqlar. Aydındır ki, ruslara güvənmək Ermənistan heç nə vəd etmir. Çünki, onlar bölgədə davamlı deyil. Bir müddət sonra məcbur olub gedəcəklər. Türkiyə isə daima bölgədə əsas güc mərkəzlərindən biri kimi təmsil olunacaq. Türkiyənin timsalında NATO da bolgədə olacaq. Bu isə təbii ki, Rusiyanın təsirinin azalmasına yol açacaq.

Şuşa Bəyannaməsi həm də həqiqətin yalan üzərində qələbəsi kimi qiymətləndirilə bilər. Çünki, Bəyannamə dünyanın fövqəlgüc dövlətlərinin Azərbaycan həqiqətlərini qəbul etməsi deməkdir. Müharibə dövründə ABŞ Dövlət Departamentinin və Senatının bəzi ermənipərəst üzvlərinin xəyalları, ölkəmizə qarşı cəhdləri heç bir fayda vermədi. Bununla yanaşı Avropa Birliyinin Fransa kimi bir neçə üzvü istisna olmaqla AB də bitərəf mövqedə dayandı. Bu da erməni cəmiyyətinin gözləntilərini heçə endirdi. Beləliklə, hazırda Ermənistan nə ABŞ-dan, nə AB-dən, nə də Rusiyadan mədət gözləyə bilməz. Onların öz varlıqlarını davam etdirməyinin tək yolu Azərbaycanla münasibətlərini tənzimləmək və sülhə hazırlıq görməkdir. Əks təqdirdə olacaqlar ən çox erməni cəmiyyətini qorxutmalıdır. Qısaca, əminliklə demək olar ki, bu Bəyannamə regionda sülhün qarantı rolundadır.
Sonda vurğulamaq istərdim ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bu günədək imzalanan dostluq sazişlərinin, qardaşlıq münasibətlərinin və sadiqliyin təcəssümüdür. Müasir dövrdə böyük əhəmiyyət kəsb edən strateji əməkdaş qazanmaq baxımından Şuşa Bəyannaməsi hər iki ölkə üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və "Bir millət, iki dövlət” ifadələrində öz təsdiqini tapan qardaşlıq,dostluq ənənələrinin Şuşa Bəyannaməsi çərçivəsində münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması ümumilikdə regionun tərəqqisini sürətləndirəcək.


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr əvəzi -Əli Kərimov
Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı