2021-07-08 15:46

Deputat Goranboyda ağsaqqallarla görüş keçirib

Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonunda rayon ağsaqqalları ilə görüşüb.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə elm, təhsil, idman, səhiyyə və digər sahələri təmsil edən ziyalı ağsaqqallar iştirak etmişdir. Milli Məclisin deputatı Anar Məmmədov rayon ağsaqqallarını salamlamış və vaxt ayıraraq görüşdə iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirmişdir.

Millət vəkili qeyd edib ki, son illər ərzində respublikamızda abadlıq-quruculuq və yenidənqurma işlərinin sürətlənməsi, əsaslı infrastruktur layihələrin həyata keçirilməsi Goranboy rayonundan da yan keçməmişdir. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələri kimi Goranboy rayonu da sürətli inkişaf yolu keçmiş və rayonun siması əvvəlki illərlə müqayisədə dəyişmişdir.

Həmçinin millət vəkili rayonun ağsaqqalları - zəngin həyat və iş təcrübəsi, əhali arasında hörmətə malik şəxslərlə görüşməyin çox xoş olduğunu bildirərək qeyd edib ki, fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək işimizə ancaq müsbət təsir göstərəcək.

Tədbirdə çıxış edən ağsaqqallar ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Görüşün sonunda ağsaqqallar tərəfindən irəli sürülən təkliflərlə və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı