2021-07-06 21:44

Kolumbiya Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti İvan Dukeyə təqdim edib.

SəfirlikdənAZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov əvvəlcə Prezident İvan Dukeyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

Təşəkkürünü bildirən Kolumbiya Prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirən M.Talıbov Azərbaycan ilə Kolumbiya arasında ənənəvi dostluq münasibətlərinin mövcudluğunu vurğulayıb. Diplomat hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra bu münasibətlərin daha da möhkəmləndiyini bildirib.

Ölkələrimiz arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğunu deyən səfir Azərbaycanın Kolumbiya ilə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib. Dövlət başçısı ölkəsinin də Azərbaycanla bütün istiqamətlərdə, xüsusilə iqtisadi-ticari və sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Prezident İvan Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı