2021-05-25 18:58

Naftalanda Sanatoriya kompleksinin açılışı olub - FOTO

Naftalan şəhərində "Gold Naftalan” Sanatoriya kompleksinin açılışı olub. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Türkiyənin AK Parti Esenyurt İlçe Başkanı Harun Özer, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları kompleksdə yaradılan şəraitlə, turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.
İcra başçısı Sanatoriya kompleksinin rəhbərliyini təbrik edərək vurğuladı ki, iqtisadi islahatların aparılması paytaxt Bakı ilə yanaşı digər regionlarda da yerli və xarici investorların investisiya yatırması üçün əlverişli şərait yaradıb. Bu sanatoriyanın açılışı bir daha onu sübut edir ki, ölkə başçımız cənab İlham Əliyevin səyi ilə qeyri-neft sektoru da iqtisadiyyatın digər sahələri kimi inkişaf edir. Həmçinin, Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Hazırda Naftalanda 3-ü beş ulduzlu olmaqla 13 istirahət və müalicə mərkəzi fəaliyyət göstərir.
Sanatoriya kompleksinin rəhbəri Elbrus Nəsirov tərəfindən qonaqlara otel infrastrukturu və burada göstəriləcək xidmətlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, sahəsi 1 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Mini futbol meydançası, Açıq və Qapalı üzmə hovuzu, istirahətə gələnlərə unudulmaz anlar bəxş edəcəkdir. Həmçinin Sanatoriya kompleksində Himalay dağlarından gətirilmiş xüsusi daşlardan ibarət duz otağı da mövcuddur.
Diqqətə çatdırıldı ki, beşmərtəbəli bu binada 288 yerlik olmaqla bütün zəruri avadanlıqla təchiz olunmuş 145 otaq var. SPA terapiya üsullarına geniş yer verilən kompleksdə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verəcək.
Digər mühüm cəhət burada işə götürülənlərin bir qismi Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvlərinin olmasıdır.
Tədbir ( COVİD-19) pandemiya qaydalarına uyğun həyata keçirilib.
Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı