2021-03-20 08:58

Bayramın mübarək, qalib Azərbaycan!

"Aypara.az” Xəbər portalının Novruz təbriki

Bayramınız mübarək, Dünya Azərbaycanlıları! Bu Novruz sizin 30 illik "məğlub xalq” damğasını birdəfəlik rədd edəndən sonra keşirdiyiniz ilk bayramınızdır. Həmişə üzüağ olasınız!

Bayramınız mübarək, Azərbaycan vətəndaşları! Siz – tarixən həmişə məğrur olmuş, fəqət, əsrlərlə nəhənglərin cəngində qalmış ölkənin dəyərli insanları – azərbaycanlılar, ruslar, ukraynalılar, talışlar, kürdlər, ləzgilər, avarlar, udinlər, ingiloylar və digər qardaşlarımız – min illərlə eyni Günəş altında yaşayaraq, Azərbaycanın haqqını qorumusunuz, öz mədəniyyətinizi yaşatmaqla Azərbaycan mədəniyyətini zənginləşdirmisiniz. 44 günlük müharibə dövründə sizin hər biriniz Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə kişilik və mərdlik nümayiş etdirdiniz.

Bayramınız mübarək, Şəhid anaları! Əlinizi öpürük. Siz bu yeni günü övladını itirmiş valideyn kimi gözüyaşlı qeyd edirsiniz. Ancaq sizin övladınız on illər, yüz illər boyu xatırlanacaq. Gələn illərdə siz Şəhid anası ifadəsi ilə həqiqətən fəxr edəcəksiniz.

Bayramınız mübarək, döyüşdən əlil və yaralı qayıtmış qardaşlarımız! Tanrı köməyiniz olsun ki, tezliklə sıramıza qayıdasınız.

Bayramın mübarək, Azərbaycan əsgəri! Bayrağın həmişə uca olsun! Sən Azərbaycanın bütün kəndlərində göründükcə, ürəyimiz dağa dönür.

Bayramınız mübarək, Azərbaycan həkimləri! Siz yaralı əsgərlərimizin tezliklə sağalması üçün olan fəaliyyətinizdə və koronavirus bəlasına qarşı mübarizədə Azərbaycanın adına layiq fəaliyyət göstərdiniz. Var olun!

Bayramınız mübarək, Azərbaycan müəllimləri! Torpaqları düşmən tapdağından azad edən ordunun hər nəfəri sizin şagirdiniz, tələbəniz olub. Yəni bu Qələbədə sizin xidmətiniz daha çoxdur.

Bayramınız mübarək, Azərbaycan gəncləri! Bu günümüzün və sabahımızın qorunmasındakı rolunuzu kimsə dana bilməz. Allah da sizi qorusun!

Bayramınız mübarək Azərbaycan uşaqları! Aldığımız nəfəs, atdığımız addım, həyata keçirdiyimiz istənilən tədbir sizin xoşbəxtliyiniz naminə, gülüşünüzün əbədi olması üçündür.

Bayramın mübarək, cənab Prezident! Allah Sizi və silahdaşlarını daim qorusun ki, bizə bəxş etdiyiniz bəxtəvər günlərimizi daha da çoxaldasan!

"Aypara.az” Xəbər portalının komandası adından

təsisçi İ.M. Qaçayev

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı