44 günlük müharibə və regionun müasir reallıqları

İlham Əliyev son zamanlarda daha bir ənənənin əsasını qoyub
Dövlətimizin başçısı 44 gün davam
edən İkinci Qarabağ savaşı zamanı möhtəşəm bir ənənənin, yeni davranış tərzinin,
cəmiyyətlə yeni ünsiyyət formasının əsasını qoymuşdu. Həmin vaxt Prezident demək olar ki, hər gün bu və ya digər
şəhərimizin, qəsəbəmizin, kəndimizin, strateji yüksəkliklərimizin düşmən
işğalından azad edilməsi barədə "tvit”lər paylaşırdı. Bu, gündəlik ənənəyə
çevrilmişdi və insanlarımız da hər gün Prezidentin növbəti qələbə "tvit”lərini
xüsusi səbirsizliklə gözləyirdilər. Doğrudan da çox gözəl ənənə idi. İlham
Əliyev bu son zamanlarda daha bir ənənənin
əsasını qoyub. Belə ki, dövlət başçısı xanımı ilə birlikdə işğaldan azad
edilmiş rayonlarımıza vaxtaşırı səfərlər edir, o yerlərdən millətə və dünyaya,
qonşularımıza, dostlarımıza və düşmənlərimizə bir-birindən önəmli, vacib
mesajlar verir. Bu da artıq növbəti ənənə halını almaqdadır və biz heç şübhəsiz
ki, Prezidentin bu taktikasını təqdir edirik. Prezident dünən də bu yeni ənənənin
növbəti səhifəsini çevirdi, Şuşaya səfər etdi. Və Prezidentin bu səfəri sözün əsl
mənasında HADİSƏyə çevrildi. İndi təkcə Azərbaycan mediası yox, bütün Ermənistan
KİV-ləri, Rusiya telekanalları, qardaş Türkiyənin, qonşu İranın dünyanın xəbər
agentlikləri , siyasi şərhçiləri və köşə yazarları bu səfərin bu və ya digər məqamları
barədə danışır və ya yazırlar.
Onu da deyim ki, Prezidentin bu səfərini ölkədə hər
kəs gözləyirdi. Çünki bu səfər 30 illik müstəqillik tariximizdə Azərbaycanın
dövlət başçısının Şuşaya ilk səfəri kimi çox əhəmiyyətli idi. Vətənin işğaldan
azad edilmiş ərazilərini kənd-kənd, rayon-rayon gəzərək o yerlərin dağlarını,
meşələrini həm azərbaycanlı kimi, həm də dövlət başçısı kimi seyr etmək, o yerlərin
bizə mənsubluğunu xüsusi vurğu ilə vurğulamaq əlbəttə ki, torpağının hər qarışına
sahib olmağın göstəricisi və eyni zamanda gücün nümayişidir. Bu səfər həmçinin
azərbaycanlıların Qarabağa Böyük Qayıdışının möhtəşəm və əbədi olacağını göstərmək
baxımından əhəmiyyətli idi. Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin
30-cu ili tamamlanarkən İlham Əliyevin Şuşaya gedən ilk Prezident kimi verdiyi
ismarıclar, atdığı addımlar, etdiyi ziyarətlər Dağlıq Qarabağ separatçılarının,
Ermənistan rəhbərlərinin, xaricdən gələn
cürbəcür ermənipərəst alimlərin, siyasətçilərin, blogerlərin son illərdə Şuşa
üzərindən bizim milli qürururmuzu aşağılamağa hesablanan hərəkətlərinin, bizə
meydan oxumalarının hamısının əvəzini çıxdı. Düşmənin bütün murdarlıqlarının
layiqli cavabı verilmiş oldu. Hətta Cıdır düzündə paxlavalı çay süfrəsinin təşkili
də düşmənə və düşmənimizin havadarlarına sözün əsl mənasında göz dağı idi.
Prezident bütün bunları dəqiq hesablamışdı.
İlham Əliyevin Şuşadakı hər bir hərəkəti, hər
addımı, hər sözü bir ismarıc idi, bir xəbərdarlıq idi, bir nida idi. Onun xəbərdarlıqları,
nidaları ilk növbədə revanşa, qisasa can atan, yenidən müharibənin
alovlanmasından dəm vuran Ermənistan rəsmilərinə, siyasi qüvvələrinə, Qarabağda
gizlənməkdə davam edən separatçılara, erməni silahlılarına ünvanlanmışdı.
Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi
ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar dəmir yumruğu
unutmamalıdırlar. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Əgər
kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu
bir daha görəcək. Prezident əvvəlki çıxışlarında da revanşistlərə xəbərdarlıqlar
etmişdi. Lakin dövlət başçısının bu dəfə bu xəbərdarlığı məhz Şuşadan – son 27
ildə ermənilərin hər cür vasitələrlə "erməniləşdirməyə” çalışdıqları tarixi Azərbaycan
şəhərindən etməsi tamamilə fərqli anlam daşıyır və daha böyük təsir gücünə
malikdir. 27 il işğal altında qalandan sonra Azərbaycan Ordusunun Şuşanı savaş
yoluyla azad etməsi revanşistlərə ən yaxşı cavabdır və Prezident də dünənki
çıxışlarında bunu birmənalı şəkildə vurğuladı, Xüsusi Təyinatlılarımızın şüvaətini
qeyd etdi, düşmənin başına yenə dəmir yumruğun endirilə biləcəyini bir daha bəyan
etdi.
Eyni zamanda Azərbaycan torpaqlarında törədilən vəhşiliklərin
əsas müəlliflərinin məhz Köçəryan-
Sarkisyan cütlüyünün olduğunu qeyd edən Azərbaycan Prezidenti onların bu əməllərinə görə cavab verməli olacaqlarını
vurğuladı və bundan sonra Azərbaycan torpaqlarında bu cür vəhşiliklərin törədilməsinə
yol verilməyəcəyini hər kəsin diqqətinə çatdırdı. Qoy hər kəs bilsin ki, Şuşa
bir daha işğal altına düşməyəcək və hər zaman Azərbaycan şəhəri olub, belə də
olmağa davam edəcək. Çünki Azərbaycan Ordusu Şuşanı və azad edilmiş bütün
torpaqları göz bəbəyi kimi qoruyur. Məlumdur ki, kim Şuşaya nəzarət edirsə,
Qarabağa və ətrafdakı digər bölgələrə də məhz o nəzarət edir. Odur ki, ölkə
başçımızın bu tarixi şəhərimizə səfəri Azərbaycan dövlətinin savaşın qalibi və
torpağın sahibi kimi Qarabağa qayıdışını, Şuşanın yenidən Azərbaycanın
suverenliyi altına keçməsini ehtiva edir, təsdiqləyir.
Bu səfər hər bir azərbaycanlıya böyük qürur hissi
yaşatdı. Dünən ölkədə hər kəs Prezidentin Şuşaya səfəri haqqında danışırdı. Mən
dünən həmsöhbət olduğum insanların hamısının üzündə, gözlərində Şuşa sevincini
gördüm, Şuşa sevgisini sezdim. Sosial şəbəkələrdə isə Prezident İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşadakı foto-videogörüntüləri
sözün əsl mənasında paylaşım rekordu qırırdı. Dünən Şuşa səfərinin görüntülərini
paylaşmaq trendə çevrilmişdi. Bu həm millətin Şuşa sevgisini, həm də Prezidentə
dəstəyini göstərirdi. Ancaq öz soydaşlarımızla bərabər, düşmən ölkədə də dünən
hər kəs İlham Əliyevin və xanımının səfərindən danışırdı. Prezidentin və
Birinci vitse-prezidentin Şuşaya səfər etməsi erməni cəmiyyətinə və siyasi qüvvələrinə
ağır psixoloji sarsıntı yaşatdı. Bunu onların öz açıqlamalarından və
paylaşımlarından da görmək mümkündür.
Misal üçün, gəlin Ermənistan Müdafiə nazirinin sabiq
müavini Artak Zakaryanın öz Facebook səhifəsində Ermənistanın Baş nazirinə
ittihamlı suallarla dolu müraciətini birlikdə oxuyaq: "Pənah xan (indiki Əliyev) xain
Melik-Şahnazarın (indiki xain Nikolun)
gözü qarşısında tarixdə ikinci dəfə özünü Şuşada tapdı. Bununla da "Şuşa
kimindirsə, Qarabağ onundur” mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə
görə öyünürdün və Qarabağ köklərinə sahib olduğuna görə fəxr edirdin? Cənab,
"ali komandan” demək yaxşı çıxmır. Səninləyəm! Əliyevlərin Şuşa ziyarəti ilə
bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək
üçün keçirəcəyin seçkilərə görə "cib” və korrupsiyalaşmış "partiyalar”la görüşlərdəsən?
Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Verin və ya Nerkin
Voskepar, Tavuş bölgəsi, Sofula və Barxudarlu, Ararat bölgəsinin Tigranaşen,
Sünik bölgəsinin Şurnux, Ardaniş və Geğarkunik bölgəsinin Sotk mədənlərinə gələcək
günü gözləyirsən? Ermənilərin taleyi, ümumiyyətlə, ətrafında baş verənlər səni
heç maraqlandırırmı? Sabah və ya birisi gün ev tikib uşaq böyüdəcək, kilsəyə
gedib facebookda toy edə biləcəksənmi? Hələ də bu xalqın tək bir probleminin
Nikol Paşinyan olduğuna əmin deyilsən?”
Revanş çağırışlarına qarşı olduğunu bildirən və bunu
açıq şəkildə dilə gətirən Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan
isə dünənki müraciətində "ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa
çağıranları "ziyanlı və reqressiv” adlandırıb: "Bu gün bir çox ekspertlər, müxtəlif
xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü
olarıq, silahlanarıq və sonra qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən
bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla
göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər. Ermənistanın
bütün qonşuları ilə uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə can atmaq
lazımdır. Region sonda nəhayət insani sifətə malik olmalıdır”.
Göründüyü kimi düşmən ölkədə Azərbaycanın dövlət
başçısının ismarıclarını, xəbərdarlıqlarını doğru-düzgün dəyərləndirən,
rasional yanaşma sərgiləyən fərdlər və qüvvələr də var. Bu isə bir daha onu
göstərir ki, deməli, Prezident İlham Əliyevin ötən gün Şuşadan səsləndirdiyi
fikirlər, etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib. Qoy olsun. Biz də elə bunu
istəyirdik. Bu bizim istədiyimiz bir nəticədir. Bəli, ermənilər bu gün miskin və
məğlub Nikol Paşinyanın, hakimiyyətə can atan Vazgen Manukyan, Edmon Marukyan
kimi revanşistlərin, yenidən səfir olmağın xiffətini yaşayan Mikael Minasyan
(Serj Sərkisyanın kürəkəni) kimi xəyalpərəstlərin xəstə təfəkküründən doğan zəhərli
fikirləri deyil, məhz İlham Əliyevin ismarıclarını, xəbərdarlıqlarını müzakirə
etməli, düzgün nəticələr çıxarmalı, ağıllı mövqe nümayiş etdirməlidirlər ki,
Lena Nazaryan demişkən, region sonda nəhayət insani sifətə malik olsun. Ermənilər
öz faşist mahiyyətlərindən, millətçi hədəflərindən, revanşist çağırışlarından əl
çəkib insanlığa qayıtmalı, insani sifət almalıdırlar.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ
Müharibəsinin iştirakçısı