2021-01-17 22:00

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ ƏLİAĞA VAHİD və “ŞƏHİD XUDAYAR DASTANI”

Həmişə mən varam aləmdə, ölmərəm, Vahid,
Əsər ki qaldı cahanda, o, ölməmək kimidir.

Yaşadığımız yüzilin 19-20-ci illəri bütün bəşəriyyəti təhlükəli bir virusla qarşılaşdırdı. "Covid-19” yaşından, təhsilindən, savadından, sosial mənsubiyyətindən asılı olmayaraq, gözlənilməz, vaxtsız ölüm mesajı ilə insan talelərini, arzuları yarımçıq qoydu. Lakin Azərbaycan xalqının tarixinə əsrin 20-ci il daha təhlükəli bir virusa − erməni sindromuna qarşı 30 il davam edən müharibənin qələbəsi ili kimi də yazıldı. Düz iki əsr idi ki, Azərbaycan öz torpaqlarını itirə-itirə gedirdi. 44 gün davam edən Vətən müharibəsində əsrlərlə davam edən erməni vandallarının torpaq iştahına, nəhayət ki, son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu yeni bir Tarix yazdı.

27 sentyabrda başlanan Vətən müharibəsi 8 noyabrda əzəli yurd yerlərimizin, tarixi torpaqlarımızın qaytarılması sevinci ilə başa çatdı. 30 il erməni işğalı altında qalan Zəngilan, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, nəhayət, Şuşa ermənilərdən azad olundu, üçrəngli Azərbaycan bayrağı torpaqlarımızda dalğalandı. 30 ildə utanc hissi ilə "qaçqın”, "köçkün” adlarını daşıyanlar "Mən artıq qaçqın deyiləm”, "köçkün deyiləm” deyib səslərini az qala dünyaya yaydılar. Bu illər ərzində ermənilərin viran etdiyi, xarabazara çevirdiyi tarixi abidələr, məzarlıqlar, yurd yerləri igid Azərbaycan əsgərinin isti nəfəsi, doğma səsi ilə isindi, məscidlərin minarələrindən azan səsi ucaldı.

Vətən müharibəsi başlanan gündən əli silah tutan bir çox gənclər könüllü olaraq ön cəbhədə döyüşmək üçün hərbi komissarlıqlara yollandılar. Hamı özünü qarabağlı, şuşalı, zəngilanlı, kəlbəcərli hesab edir, bu müharibənin yalnız qələbə ilə bitəcəyinə inanırdı. İgid əsgərlər düşmənin hərb texnikasını ələ keçirir, gizli mövqelərini məhv edir, bayrağını, silahını atıb qaçan erməni döyüşçülərini cəsurluqları, mübarizlikləri ilə yanaşı, Vətənə sonsuz sevgiləri, nikbin əhval-ruhiyyələri, şən mahnıları, oynaq rəqsləri ilə heyrətə gətirirdilər. Doğma torpaqlara qədəm basan əsgərlər Qarabağ, Vətən sevgisini mahnılarda dilə gətirir, milli oyun havalarına rəqs edib düşmən üzərində zəfəri qeyd edirdilər.

Bu zəfər günlərindən birində gizir Xudayar Yusifzadənin döyüşçü dostlarını başına toplayıb yanğı ilə oxuduğu mahnı hələ döyüşlər getdiyi vaxtda dillərə dastan oldu. XX əsr Azərbaycan şairi Əliağa Vahidin sözlərinə bəstələnmiş mahnı ilə Xudayar bir dastan yaratdı, bu dastanın qəhrəmanları 2782 şəhid, Xudayar, bir də... şeirləri istər sağlığında, istərsə də bu gün bir daha dillərdə əzbər olan Vahid oldu.

Əliağa Vahid Tanrının Azərbaycan xalqına bəxş etdiyi söz xiridarlarından biridir. Onun istər lirik, istərsə də satirik şeirləri hələ sağlığında qələminin mürəkkəbi qurumamış dillər əzbəri olmuş, geniş yayılmışdı. Qəzəlin Füzuli yadigarı Vahid yaşadığı dövrün və cəmiyyətin ictimai olaylarına biganə qalmamış, icitmai mühit və sosial həyatın əksər sahələrinə toxunmuş, müxtlif mövzularda şeirlər yazmışdır. 1941-45-ci illər Böyük Vətən müharibəsi illərində Vahidin alman faşistlərinə, Hitlerə ünvanlanan satirik şeirləri ön cəbhədə əsgərlərin dilinin əzbəri olmuşdu.

Xalqın sevimlisi olan şair bir dəqiqəsini belə xalqdan ayrı keçirməmiş, el şənliklərindən, musiqi məclislərindən əskik olmamışdır. Qəzəlləri xanəndələrin dilindən düşməyən Vahid şeirlərini onlara verdikdə onu müvafiq muğam şöbəsi üzrə oxumağı tövsiyə edərdi. Təsadüfi deyil ki, istər sağlığında, istərsə də bu gün muğamın "Çahargah”, "Rast”, "Hasar” təsnifləri, "Segah”, "Bəstə-nigar”, "Şur”, "Dəsti” şöbələrini xanəndələr Vahid şeirləri üstə ifa edirlər.

Vahidin şeirdən, sözdən daha böyük bir sevdası vardı; doğma yurdun, onun təbiətinin, dağının, daşının, qaya parçasının, gül-çiçəyinin, qanqalının belə vurğunu idi Vahid. Klassik təşbehlərdən, şablon epitetlərdən uzaq vətən mövzulu şeirlərin dili sadə olduğu qədər yaddaqalan, ahəngdar idi, az bir zamanda musiqi dünyasının, xanəndələrin dilində mahnıya çevrilir, könüllər oxşayıb, dillər əzbəri olurdu. Şairin "göründü” rədifli "Vətən” qoşması da beləcə misra-misra notlara köçüb, xalq artisti Əlibaba Məmmədovun bəstəsində bir çox xanəndə və müğənnilərin repertuarında özünə vəsiqə almışdı. 44 günlük müharibədə Xudayar da sevdalı oldu. Erməni ilə üz-üzə cəbhədə, şəhidliyindən 3 gün əvvəl duyğuları köksünə sığmadı, döyüş yoldaşlarını başına yığıb güllə altında uğrunda canını qurban verməyə hazır olduğu Vətənin – Azərbaycanın dağına, daşına söykənib onu vəsf etdi, adı gələndə Vahidin "xəndan görünən könlünü” bir dastana çevirdi. Xudayar 1998-ci ildə qədim Azərbaycan şəhəri Bərdədə tanınmış qarmon ustası Müslüm kişinin ailəsində dünyaya göz açmışdı. Atasını erkən itirdiyindən anası və bacı-qardaşları ilə birgə ana nənə-babasının himayəsində böyüyür. 7 yaşında Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət məktəbində bir neçə il xanəndəlik dərsi alır. Bəlkə də atasından Xudayara yadigar qalan musiqiyə həvəs olub. Lakin kiçik yaşlarından hərbiyə də marağı güclü olub, "Əlifba” bayramında ona hərbi geyim almalarını istəyib. Hərbi xidmətini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində bitirdikdən sonra Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Xudayar könüllü olaraq cəbhəyə getmək üçün müraciət edir. Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlayır. Kəlbəcər, Cəbrayıl, Zəngilan, Murov-dağ yüksəklikləri istiqamətində döyüşlərdə iştirak edir, nikbinliyi, şux zarafatları, zümzümələri ilə yoldaşlarının döyüş ruhunu yüksəldir. Zəngilanın Ağbənd kəndinin azad olunmasında ağır yaralanır və şəhid olur.

Ölümündən 3 gün əvvəl Xudayar Vətən eşqilə Vahidin sözlərinə bəstələnmiş təsnifi oxuyur və özü də lentə alır. Mahnı müharibə günlərindəcə sosial şəbəkələrdə sürətlə yayılır, şairin "sorma, vətən nədən yaxşıdır” sualına igid döyüşçü özü kimi 2802 oğulun şəhidlik zirvəsinə yüksəlməsi ilə cavab verdi. Hər bölgədə, hər evdə uşaq, qoca, cavan dilində bu nəğməni zümzümə etdi. Xudayar bir daha hamıya anlatdı ki, Vətən − yaxşıdır! Yaxşıdır, yəni müqəddəsdir – torpaq kimi, istidir – ana südü kimi, doğmadır − ana qucağı kimi, basılmazdır – ata ocağı kimi. Vahidin dediyi, özünün oxuduğu kimi bir dastandır Vətən. Çünki bu vətəndə, bu torpaqda yaşayan hər bir kəsin – uşaqdan böyüyə − ruhu, canı, varlığı da Vətəndir, damarlarında axan qan da "Vətən” yazır, boğazında düyünlənən qəhər, sinəsindən çıxan son nəfəs də "Vətən” deyir.

Xudayar Vahidin "Vətən” şeirinə bəstələnmiş mahnının sözlərini kəlməbəkəlmə ifa etməsə də, şeirin gücünü duymuş, şah damarını tuta bilmişdi. O, vətən haqqında olan mahnıların içində onu bəyənmişdi. 1952-ci ildən üzü bu yana adı gələndə "xəndan görünən” Vətən tarixi 44 günlük müharibədə bir dastana çevrildi. "Vətən arzusilə nəğmələr qoşdum, Tufanlar gözümə dastan göründü” dedi Xudayar. Şəhid əsgər "vətən nədən yaxşıdır?” sualına özü də cavab verdi, konlünün dastana çevrildiyini etiraf etdi.

Xudayarın musiqiyə, şeirə sevgisi Vahid poeziyasına, Azərbaycan xalq musiqisinə sevginin, hüsn-rəğbətin bariz nümunəsi idi. Xudayar öz ifası ilə sübut etdi ki, Vətən sevdasının, Vətən coşqusunun heç bir rədifə, qafiyəyə, ansambla, orkestrə ehtiyacı yoxdur. O, içdən yanğıyla, göynədə-göynədə, hıçqırıqla öz-özünə axıb gəlir, sözlər də müəllif axtarmır, susuz insan təşnə bulağa həsrətmiş kimi arda-arda düzülür. Vətən sevdası vətənin adicə quru daşında, qaya parçasında, minalanmış torpağında, dağıdılmış məzarlığında, yandırılmış ocaqlarda, qurumuş bulaqlarda, murdarlanmış ziyarətgahlarda boğulan hıçqırtı, sızıltı, utanc, qəzəb, qisas, ümid, güvəndir.

Şəhid Xudayar Yusifzadə Vahidin şeirinə öz ifası ilə "Vətən yaxşıdır” möhürünü vurdu. Xalq artisti Ə.Məmmədovun təklifi ilə "Xudayar təsnifi” adlandırılan mahnı bu gün hamının dilində əzbərdir. Xudayar səmimi, içdən gələn ifası ilə bir dastan yaratdı, bu dastanın qəhrəmanı kimi gəncliyin simvoluna çevrildi. Tanrı ona bəxş etdiyi cəsurluq, fədakarlıq, qayğıkeşlik, nurlu sima, torpağa bağlılıq, vətən aşiqi kimi xüsusiyyətlərə mübarək şəhidlik zirvəsini də bəxş etdi. Xudayar güllənin səsinə, ölümün üzünə mahnı ilə gülümsədi, ölümü musiqi ilə, bir də Vahidin ölməz sözləri ilə öldürdü:

Şair (Vahid), sorma nədən Vətən yaxşıdır?
Adı gəlcək (könlüm xəndan göründü) könlüm dastana döndü.


Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı