2020-12-07 11:19

Qocaman bəstəkarın Zəfər nəğməsi

"Salam, Şuşa, qayıtdıq…”


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də həm ölkə ictimaiyyətinə müraciətində, həm də özünün Twitter səhifəsindəki qeydlərində milyonlarla soydaşımızın ürəyində qaysaq tutmuş Şuşa yarasına məlhəm olan fikirlər səsləndirdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Ürəyim riqqətə gəldi. Düşündüm, kaş, bəstəkarlarımızın bu məzmunda yazdıqları əsərlərdən hansısa biri haqqında yayılacaq ilk xəbərlərdən birinin müəllifi mən olam. Sən demə, qismətimdə varmış. Həm də ona görə məmnunam ki, bu mahnını indi mənim çalışdığım Bakı Musiqi Akademiyasının professoru, 60 ilə yaxın həmin kollektivdə işləmiş Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov yazmışdır. Mahnının sözlərinin müəllifi isə musiqişünas kimi qələmə aldığım əksər yazılarıma diqqət və qayğıkeşliklə yanaşan "Xalq qəzeti”nin siyasi şərhçisi, Əməkdar jurnalist İttifaq Mirzəbəylidir. Məncə, bu mahnı onların birlikdə ərsəyə gətirdikləri 15-ci əsərdir. 
Səs ilə xalq çalğı alətləri ansamblı üçün, marş tempində yazılmış mahnıda Şuşaya xitabən deyilmiş "Qarabağ qaranlığı bitdi dünəndən bəri, Sənin Simürğün oldu Azərbaycan əsgəri” – misraları dövlət başçımızın "Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur, bitdi!” – qətiyyətinin əks-sədası kimi səslənir. 
Bu məqamda başqa bir faktı da xatırlatmaq istərdim. Belə ki, akademik Rafael Hüseynov Tofiq Bakıxanovun 85 illik yubileyində çıxış edərkən demişdir: "Mən Tofiq Bakıxanovu qocaman tut ağacına bənzədirəm. Çünki, tut ağacı yeganə ağacdır ki, o, qocaldıqca, meyvələri daha şirin olur. Yəni Tofiq müəllimin son aylarda, son günlərdə yazdığı əsərlər daha mükəmməldir, daha maraqla qarşılanır”. O, möhtəşəm Zəfər günümüzə -- Şuşanın işğaldan azad edilməsinə həsr etdiyi mahnını isə 90 yaşının tamam olmasına bir həftə qalanda ərsəyə gətirmişdir. 
Qocaman bəstəkarımıza Şuşa mədəniyyətinin ömrü qədər ömür və can sağlığı arzulayırıq!

 

Nərgiz QULAMOVA, 
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı