2020-11-28 14:10

Paşinyan bağışlanmaq üçün Moskvaya gedir. Onu bağışlamaq olarmı?


Bu sualın cavabını Zahid Səfəroğlunun təhlilindən öyrənmək olar.




II Qarabağ müharibəsinin əsas anti-qəhrəmanı Nikol Paşinyan Moskvaya səfərə hazırlaşır. Bu barədə erməni mediası yazıb. Hökumətin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib. Görünür, iqtidar daxildəki bəzi radikal qüvvələri vaxtından əvvəl duyuq salmaq istəmir.

Yəni əslində bu, elə təsdiqdir. Məsələ ondadır ki, Ermənistan rəhbərinin prezident Vladimir Putini ziyarət etməsi üçün indi qədərindən çox səbəb və reallıq var. Biri və ən önəmlisi əlbəttə ki, Ermənistan üçün kapitulyasiya ilə bitən 44 günlük Qarabağ savaşından sonrakı dramatik situasiyadır.

Dərhal vurğulayaq ki, bu, rəsmi yox, işgüzar səfər olacaq. Nədən ki, ziyarət Rusiya dövlət başçısının rəsmi dəvəti əsasında olmayacaq. Yeri gəlmişkən, Paşinyan inqilabdan sonrakı 2 il yarımdan artıq hakimiyyəti dövründə hələ də Moskvadan rəsmi səfər dəvət almayıb. Dövlət başçısı kimi onun üçün fəxri qaravul dəstəsi düzülməyib. Bu da ilk növbədə Kreml başçısının ona anti-patiyası ilə bağlı olub. Ancaq situasiya indi bambaşqadır.

İstisna deyil ki, Paşinyan Putinin sözünə baxıb 10 noyabr təslimçi sənədini imzalamasının qarşılığında Rusiyadan ən əvvəl öz hakimiyyətini möhkəmlənmək üçün kömək və ondan dolayı bəzi dividentlər istəsin. Hər necə olmasa, məlum sənədə qol qoymaqla o, Kremlin Qarabağ planına əngəl yox, dəstək olub. Bu yandan da soyuq qış qapını kəsdirib, üstəgəl, tüğyan edən pandemiya, müharibənin əlavə ağır fəsadları fonunda ölkədə aclıq, səfalət, kasıb əhalinin qəzəbi günbəgün güclənməkdədir. O səbəbə heç olmasa, Rusiyadan alınan təbii qazın qiymətində endirimə əşhədü-ehtiyac duyulur.

Rusiyalı tanınmış ekspert İqor Korotçenkoya görə, Nikol Paşinyan Moskvaya siyasi dəstək, ucuz qaz və güzəştli maliyyə krediti üçün gəlir. Bəs Ermənistan baş naziri düşdüyü fors-major vəziyyətdə Putindən hakimiyyəti üçün siyasi kredit necə, ala biləcəkmi, yəni iqtidarının ömrünü uzada biləcəkmi?

Bir şeyi əminliklə söyləmək olar ki, Paşinyan bundan sonra hakimiyyətdə qalsa da, qalmasa da, Ermənistanda sorosçu rejim daha yoxdur. Zira, Nikol Vovayeviçin ələyi ələnib xəlbiri göydə fırlanır. Azərbaycan Ordusu bu siyasi qulyabanini diri ikən basdırıb. Rusiya liderinə 44 günlük Qarabağ savaşında ən çox elə bu lazım deyildimi?

İndi Kreml başçısı üçün belə bir siyasi meyitlə, ram edilmiş və "dəmir dişlər” yerinə "taxta dişlər” gəzdirən "sorosçu” ilə söhbət heç bir diskomfort yarada bilməz. Həmçinin onunla işləmək də. Çünki şərtləri Putin diktə edir. O Putin ki, Azərbaycanla savaşda Ermənistanı tam darmadağından xilas edib , Paşinyanı və Ermənistanı son anda "ipdən alıb”, ermənilər üçün şəriksiz xilaskar obrazındadır.

Paşinyan Moskvaya çiynində məhz belə bir ağır mənəvi-psixoloji yüklə, bir də İrəvan vaxtını Moskva (hətta Bakı) vaxtına qurmaq üçün gedir. Putin isə Ermənistanda 10 noyabr sənədini sabotaj etmək istəyən radikal qüvvələrin hakimiyyətə gəlməsində təbii ki, maraqlı deyil. Həmçinin çətin ki, Qarabağ klanı ilə, ozəlliklə dostu, eks-prezident Robert Köçəryanla təzədən işləmək istəyə. Daha bir səbıbə: Qarabağ klanının reytinqi öıkədə aşağıdır və erməni xalqı ona nifrət edir. Ən əvvəl də II Qarabağ müharibəsində məğlubiyyətə görə. Çünki savaşda darmadağın edilən ordu Köçəryan-Sərkisyan cütlüyünün "məğlubedilməz” ordusudur, nəinki Paşinyanın.

Söz düşmüşkən, müharibənin sonlarına yaxın Köçəryanla Ter-Petrosyanın Moskvaya danışıqlara gedəcəyi xəbəri yayılmışdı. Lakin Köçəryan özünü "xəstəliyə” vurdu. Guya korona olub. Əslində isə o dostu Putinlə söhbətin alınmayacağına əmin olmuşdu...

Paşinyan Azərbaycana da müvəqqəti sərfəli fiqur kimi görünür. Əgər o, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini tanınmasını əks etdirən Azərbaycan-Ermənistan ikitərəfli müqaviləsinə də imza atsa və onu tərəfdarlarının çoxluq təşkil etdiyi Ermənistan parlamentdə təsdiqlətsə, yerdə nə qalır ki? Ondan sonra sərhədlərin, kommunikasiyaların açılması, ardınca Ermənistanın Azərbaycan və Türkiyə hesabına dirçəliş şansı əldə etməsi gəlir. Ağılları olsa, bu tarixi şansı, özü də sonuncu şansı qaçırmazlar.

Hələliksə Nikol Moskvaya həm də əfv diləməyə, tövbəyə gedir. Bəs Vladimir Nikolu bağışlayacaqmı? Yaxud bağışlayıbmı?

Gələn həftə biləcəyik...

 

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı