2020-10-19 12:58

Müstəqilliyimiz əbədidir, dönməzdir

Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. İstiqlaliyyət günümüzün ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan XX əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük sevinc hissi ilə qarşılansa da, sonrakı dövrdə baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarlar Azərbaycanı dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərinin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.
Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi sovuşdu.
1993-cü ilin iyununda parlamentin sədri, oktyabrda isə Prezident seçilən Heydər Əliyev tezliklə ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi.
Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. İqtisadiyyatın dinamik inkişafı təmin edildi, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirilməyə başlanıldı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyavi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı, dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandı, xalqımızın milli birliyi və həmrəyliyi təmin edildi. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda nəzərdə tutulan bütün müddəalar məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində real həyata vəsiqə aldı, xalqımız çoxdan arzusunda olduğu əsl müstəqilliyinə qovuşdu. Bu mənada, Azərbaycanın həqiqi müstəqilliyi 1993-cü ildən başlayır. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Hakimiyyətsizliyə son qoyuldu, dövlət aparatının iflic olmuş fəaliyyəti bərpa edildi, bütün sahələrdə inkişafın əsası qoyuldu, hüquqi və sosial-iqtisadi islahatların həyata keçirilməsinə başlandı, cəmiyyətimizdə demokratik dəyərlər bərqərar edildi. Ulu öndərimiz Heydər Əliyev ölkəmizin müstəqilliyi barədə deyirdi: " Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
Bu bir həqiqətdir ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin tarixinə onun qurucusu olaraq düşdüyü kimi, Heydər Əliyev də müasir Azərbaycanın tarixinə onun yaradıcısı olaraq düşmüşdür.
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı və xalqımızı nəinki təhlükələrdən xilas etdi, həm də bu dövlətin və xalqın tərəqqisinin əsasını qoydu, milli müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi.
Fəxrlə vurğulamaq lazımdır ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın tam müstəqil siyasət yürütməsi, ərazisində heç bir dövlətin hərbi kontingentinin olmaması, böyük dövlətlərin maraqlarının öz maraqları ilə uzlaşdırılması, beynəlxalq tədbirlər mərkəzinə və kosmik klubun üzvünə çevrilməsi, beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizəyə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi amillərdir. Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir.
Qürur hissi ilə vurğulmaq lazımdır ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlət başçısı İlham Əliyevin liderliyi ilə öz tarixinin ən parlaq dövrünü yaşayır. Bütün bunlar, təbii ki, Heydər Əliyevin ideyalarının yaşamasının, Prezident İlham Əliyevin müstəqilliyimizin əbədiliyinə, dövlətimizin qüdrətlənməsinə hesablanmış, düşünülmüş siyasi fəaliyyətinin nəticəsidir. Qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, dönməzdir, əbədidir, daimidir.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı