2020-10-17 10:20

Düşmənin heç bir təxribatı vətəndaşlarımızın qələbəyə köklənməsinə əngəl ola bilməz

Terrorçu Ermənistan rejiminin uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurması onların xain planlarının bir hissəsi idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Ermənistan humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımda təsdiq edir:

"Gecə yarısı Gəncə və Mingəçevir şəhərlərinin yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən həyata keçirilirsə, bu, birbaşa regionda sülh və sabitliyə ciddi təhlükədir. Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib.

Ermənistanın terrorçu rejiminin bu əməli ağır müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistan rejiminin bu cinayət əməllərinə qiymət verməli, onu cəzalandırmalıdır. Əgər beynəlxalq ictimaiyyət bu ağır cinayətlərə göz yumub ona ortaq olacaqsa, Azərbaycan özü cinayətkarların ağır cəzasını vercək və necə ki, bu gün verir.

Düşmənin məqsədi mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmaqla əhalini qorxutmaqdır. Amma bütün bunlar əbəsdir. Çünki Azərbaycan xalqı qələbə əzmi ilə yaşayır və düşmənlərin bu kimi təxribatları vətəndaşlarımızın qələbəyə köklənməsinə əngəl ola bilməz. Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir”.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı